PREZİDENTİN QIZI ÖLKƏDƏN QAÇIR
Dövlət başçısının ailəsindəki münaqişələr Dariqa
Nazarbayevanı yorub
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük
qızı Dariqa Nazarbayeva ölkədən getməyə hazırlaşır.
"Prezidentin qızının əhatəsində
olan mənbənin bizə xəbər verdiyinə görə, Dariqa Nazarbayeva artıq getməyə
hazırdır. Milada (katolik) kimi ölkədən gedəcəyi dəqiqdir", -deyə
Qazaxıstanın "Respublika" internet-portalında dərc olunan xəbərdə
bildirilir.
Dariqa Nazarbayevanın bu qərarının
səbəbi barədə xəbər verilmir. Yalnız bu məlumdur ki, "prezidentin böyük
qızı dövlət başçısının ailəsindəki münaqişələrdən yorulub. Görünür, onun bu
qərarında hazırda xaricdə sığınacaq tapmış keçmiş əri ilə bağlı məsələ sonuncu
rol oynamayıb",-deyə maqəladə bildirilir.
Dariqanın keçmiş əri, 46 yaşlı Rinat
Əliyev bu il Qazaxıstan məhkəməsi tərəfindən qiyabi olaraq ümumilikdə 40 il
müddətinə azadlıqdan məhrum edilib. Prezidentin keçmiş kürəkəni və Qazaxıstanın
Avstriyadakı sabiq səfiri bir sıra cinayətlərdə, o cümlədən dövlət çevrilişi
hazırlamaqda, vətənə xəyanətdə, adam oğruluğunda təqsirli bilinib.
Öz növbəsində, bu ilin yayında
"The Wall Street Journal"a müsahibəsində Riant Əliyev keçmiş
qayınatasını "dövlət büdcəsinin milyardlarla dollarını mənimsəməkdə və
Qazaxıstanda bizneslə məşğul olan xarici şirkətlərdən haqq almaqda"
günahlandırmışdı.
Dariqa Nazarbayeva isə son illərdə
aktiv siyasi fəaliyyətlə məşğul olurdu, deputat seçilmişdi. O, "Asar"
adlı partiya yaradaraq ona başçılıq edirdi. Dariqa həmçinin respublikanın
"Xəbər" televiziya agentliyində səhmlərin böyük hissəsinin sahibi
idi. Lakin əri gözdən düşəndən sonra Dariqa Nazarbayeva da kölgəyə çəkilməyə
məcbur olmuşdu. Son günlərə kimi o, Avrasiya Media forumuna başçılıq edirdi.
Rinat Əliyev atasına qarşı ittihamlarla çıxış etdikdən sonra bu ilin yayında
Dariqa ərindən boşanmışdı. Lakin bu, Nursultan Nazarbayevin qızına olan
etimadını bərpa etmədi. Əvvəlcə o, atasının sədri olduğu "Nur Otan"
partiyasının sədr müavini postunu tərk etməli oldu və prezident qızını
partiyanın seçkiqabağı siyahısından da çıxardı. Dundan sonra Dariqa prezident
postuna əsas varis kimi baxılmasının üstündən xətt çəkildi. Artıq onun böyük
oğlu Nurali Əliyevin - prezidentin 23 yaşlı nəvəsinin şansları daha yüksək qiymətləndirilir.
Bu yaxınlarda
Nurali Aliyev Qazaxıstanın İnkişaf Bankının vitse-prezidenti təyin edilib.
http://www.express.com.az/second.asp?id=112944