MİLLİ MƏCLİS UŞAQ HÜQUQLARINI MÜZAKİRƏ ETDİ
Gülər Əhmədova: «UNİCEF əsirlikdə olan uşaqlara
diqqətlə yanaşmır»
Qənirə Paşayeva: «İşğal nəticəsində on minlərlə
uşaqların hüquqları tapdalanıb»
Dünən Milli Məclisin BMT-nin Uşaq Fondu Uşaq
Hüquqları Konvensiyasının qəbulunun 20-ci ildönümünə həsr olunmuş xüsusi iclası
keçirildi.
İclası giriş sözü ilə açan spiker Oqtay Əsədov
2009-cu ilin Azərbaycanda Uşaq ili kimi qeyd olunmasını xatırladaraq bildirdi
ki, bu il boyunca hər bir dövlət qurumu uşaqların hüquqlarının müdafiəsinə
yönələn müxtəlif tədbirlər təşkil edib: «Uşaqların hüquqlarının müdafiəsi isə
Milli Məclisdən keçir. Yalnız burada qəbul edilən qanunlar körpələrin
haqlarının rəsmən qorunmasına imkan yaradır. Odur ki, Milli Məclis də bu
kampaniyadan geri qala bilməzdi. Azərbaycan parlamenti öz səlahiyyətləri
daxilində kömək göstərməyə çalışır. Bu müddət ərzində Milli Məclis uşaq
hüquqlarına aid 10-dan çox qanun, bu məsələyə aidiyyəti olan 72 qanun və 11 məcəllə
qəbul edilib. İstənilən cəmiyyət üçün uşaqların mənəvi və fiziki sağlamlığının
qorunması, azadlığının təmin edilməsi dövlətin inkişafı ilə bağlı strateji
vəzifədir».
Hadı Rəcəbli: «Daha
uşaqlar debil doğulmur»
Uşaq hüquqları
sahəsində bir çox qanunlara imza atan Milli
Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu
sahədəki praktikadan danışdı. Onun sözlərinə görə, indiyədək Azərbaycan uşaq
hüquqları sahəsində 30-dək beynəlxalq konvensiyaya qoşulub, bu sferaya aid
sənədlərə 100-dək düzəliş edilib: «Vaxtilə parlamentdə «Körpələrin erkən
qidalanması» haqqında qanun layihəsi müzakirəyə çıxarılanda, çoxları bunu
qeyri-ciddi qiymətləndirmişdilər. Lakin o vaxt BMT-nin Uşaq Fondu komitəmizi
tək qoymadı, layihənin müzakirəsində daim yanımızda oldu. Məsələyə
ictimaiyyətin də dəstəyi qanunun qəbuluna imkan yaratdı. Nəticədə bu qanun ilk
dəfə olaraq BMT-nin modern qanunu oldu. İndi bu sənəd qabaqcıl təcrübə
kimi bütün dünyaya məsləhət görülür». Komitə sədri eynilə «Duzun
yodlaşdırılması haqqında» qanun layihəsinin də əksər deputatların kəskin
etirazı ilə üzləşdiyini bildirdi: «Biz bu deputatarla ayrılıqda işlədik, UNİCEF
tanınmış mütəxəssisləri prosesə cəlb etdi. Nəhayət 2 ildən sonra bu sənədi də
qəbul etdik. İndi isə bu qanun MDB Parlament Assambleyasının qərarı ilə modern
hüquqlu sənəd kimi təsdiqləndi». Hadı Rəcəbli əmindir ki, duzun
yodlaşdırılmasına həsr edilən bu qanunun xalqımıza verdiyi fayda daha çox olub.
Məsələn, zob xəstəlikləri, debil doğulan uşaqlara indi demək olar təsadüf
olunmur.
Mark Herevard: «Bəzən
pulları uşaqların səhiyyə, təhsil xərclərinə yönəltmək əvəzinə onları
dustaqxanalara yönəldirlər»
UNİCEF-in Azərbaycan
nümayəndəliyinin rəhbəri Mark Herevard
rəhbərlik etdiyi qurumun ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində gördüyü
işlərdən danışdı. Onun sözlərinə örə, iqtisadiyyat sürətlə inkişaf edən bir
ölkədə valideyn qayğısından kənarda qalan uşaqların taleyinə biganə yanaşmaq
olamaz: «Uşaqlara edilən sərmayə ən faydalısıdır. Cəmiyyət uşaqların fiziki və
əqli inkişafına yönəldilən hər bir manatdan 7 dəfə çox bəhrələnir. Bəzən isə bu
pulları uşaqların səhiyyə, təhsil xərclərinə yönəltmək əvəzinə onları
dustaqxanalara yönəldirlər». Herevard bildirdi ki, uşaqların üzləşdiyi
problemlərin həlli üçün yalnız qanunların qəbulu kifayət etmir: "Bu qanunlar
tətbiq edilməlidir: «Bu gün uşaqlar daha çox iqlim dəyişikliyindən,
ekoloji təhlükə nəticəsində yaşayış yerlərinin itirilməsindən, içməli
suyun və digər mənbələrin tükənməsindən əziyyət çkirlər. Bu problemlərin
öhdəsindən gəlmək bir təşkilatın işi deyil. Bütün qurumlar qarşılılqı
əməkdaşlıq formasında işləməlidirlər».
İnsan Hüquqları üzrə
müvəkkil Elmira Süleymanova Azərbaycanda uşaqlara mülkiyyət və təhsil obyekti
kimi yox, müstəqil və tamhüquqlu subyekt kimi yanaşma olduğunu bildirdi. Ombudsman
bildirdi ki, Aparatında 96 nömrəli qaynar xətt fəaliyyət göstərir: «Bu
xəttə uşaq hüquqlarının pozulması ilə bağlı çoxlu zənglər olur və onlara
çevik reaksiya verilir. Ombudsman Aparatı həmçinin uşaqlara qarşı zorakılıq
halları ilə bağlı monitorinq keçirib və onun nəticələrini ictimaiyyətə
açıqlayıb».
Ölkəmizdə məhkum
uşaqların sayı azdır
«Hazırda Azərbaycanın
cəzaçəkmə müəssisələrində 49 uşaq cəza çəkir». Bu məlumatı isə MM-in Hüquq
siyasəti və dövlət quruculuğu kopmitəsinin sədri Əli Hüseynov
səsləndirdi. Onun dediyinə görə, bu rəqəm MDB məkanında ən aşağı göstəricidir:
"Biz bu göstəricilərin minimuma edirilməsi üçün siyasət aparmalıyıq. Ölkəmizdə
uşaqlara qarşı mümkün qədər humansit siyasət həyata keçirilir. Təsadüfi deyil
ki, amnistiya qanunlarında hər zaman uşaqlarla bağlı bölmə olur".
Respublika Uşaq
Təşkilatının rəhbəri Gülər Əhmədova
isə dedi ki, əsirlikdə olan uşaqların azad edilməsi sahəsində UNİCEF-in atdığı
addımların bəhrəsini görmürük: «Biz təbii ki, Azərbaycanda uşaq ölümünün yüksək
səviyyədə olmasını istəmirik. Buna nail olmaq üçün beynəlxalq təşkilatlar bizə
öz köməyini əsirgəməli deyil. Arzulardıq ki, yeni ildə Azərbaycanda uşaqların
sağlamlığına yönəlmiş yeni layihə həyata keçirilsin, pediatriya kadrlarının
hazırlanması sahəsində Azərbaycana köməklik etsinlər».
Millət vəkili Qənirə
Paşayeva uşaq problemlərinin həlli
istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlərdən danışdı. O, xüsusi
sessiyada beynəlxalq qurum nümayəndələrinin iştirak etməsindən istifadə edərək
Ermənistandan qaçqın düşən uşaqların problemini də səsləndirdi: «Ermənistanın
işğalçılıq siyasəti nəticəsində bu gün Azərbaycanda 10 minlərlə uşağın
hüquqları tapdanır». Qənirə Paşayeva beynəlxalq təşkilatların bu məsələni bir
daha dünya ictimaiyyətinin diqqətinə çatdırmalarını istədi.
Pərviz Həşimli
http://www.bizimyol.az/?mod=news&act=view&nid=31359