Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


1.2. Heydər Əliyev: milli mənəvi dəyərlərimiz və Azərbaycan qadını


1950-ci ildə həyatını vətənin xilasına və gələcək tərəqqisinə həsr edən bir insan-Heydər Əliyev Təhlükəsizlik Nazirliyində əks-kəşfiyyat şöbəsinə bölmə rəisi, 1953-cü ildə isə şöbə rəisi təyin edilir. Elə həmin vaxtdan milli kadrların yetişdirilməsi, irəli çəkilməsi prosesi başlanır. Heydər Əliyev bu barədə deyirdi:«Deyə bilərəm ki, təxminən, 1953-cü ildən saflaşma, sağlamlaşma prosesi gedib və mən də bu prosesin bilavasitə iştirakçısı, son illərdə təşkilatçısı olmuşam və o vaxtlar bu işləri görmüşəm»[1] 1967-1969-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədri vəzifəsində çalışdığı müddətdə onun milli-mənəvi dəyərlərin qorunmasında, ziyalıların təqiblərdən müdafiə edilməsində əvəzsiz xidmətləri olmuşdur. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyinin, quruculuğunun, milli ideologiyanın, milli soykökə qayıdışın, siyasi şüurun və siyasi həyatın 30 ildən artıq dövrünü əhatə etdi və bu dövr onun əməli fəaliyyəti ilə gerçəkləşdirdiyi işlərlə bağlı oldu. Sosializm dövlətində onun misilsiz xidmətləri oldu. Bu günki sosial-iqtisadi, siyasi-hüquqi, elmi potensial onun bu dövrdə gördüyü işlərin məhsuludur. İmperiya rəhbərliyi qarşısında milli maraqlarımızı dönmədən müdafiə edən Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın tələbləri çərçivəsində Azərbaycanda milli ruhun dirçəlməsi yolunda bütün imkanlardan maksimal dərəcədə istifadə etdi.

Heydər Əliyev milliliyin, dövlətçiliyin qədim meyarlarını qoruyub yaşatmaqla zamanın tələbinə cavab verən yeni meyarları da yaratdı. Bütün həyatın politrasında geniş diapazonda iş apardı (iqtisadiyyat, incəsənət, mədəniyyət, ədəbiyyat, təhsil, idman, bayramlar, ildönümlər, istedadlar axtarışı, məqbərələr, Azərbaycançılıq, müsəlmançılıq, dünyəvilik). Heydər Əliyev mənəvi zənginliyi xalqın ən böyük sərvəti hesab edirdi. Ona go­rə də ziyalılıq probleminə xüsusi əhəmiyyət verirdi. Onun dediyi kimi: «Xalq öz içində illər boyu, əsrlər boyu istedadlı, bacarıqlı insanları, yüksək təhsilə və yüksək tərbiyəyə malikolan insanları hazırlayır, yetişdirir və onlar xalqın tanınmış, hörmətli ziyalı adamları hesab olunur. Ziyalı sözü məhz bu mənanı daşıyır...»[2]. Ziyalı cəmiyyətin milli mənəvi simasını formalaşdıran ən gerçək hissəsidir. Onun hakimiyyətdə olduğu illərdə elm və təhsilin müxtəlif sahələrini əhatə edən ziyalı ordusu yetişdi. XX əsrin 60-cı illərində əlifba və orfoqrafiyanın dəfələrlə dəyişməsi vəziyyəti çətinləşdirmişdi. Belə ki, 207 ixtisas fənnindən yalnız 22-sinə aid dərslik və 20-yə yaxın dərs vəsaiti var idi. Ali məktəblərdə 80% dərs vəsaiti çatışmırdı. Bir sıra ixtisaslar üzrə professorlar yox idi. Məhz Heydər Əliyevin birbaşa qayğısı və səyi nəticəsində bu boşluğun aradan qaldırılması prosesi başlandı. 15 mindən çox azərbaycanlı məqsədyönlü şəkildə Azərbaycandan kənarda təhsil almağa göndərildi. 1155 kitabxana, 1316 klub, 849 ümumtəhsil məktəbi, 44 muzey tikilib istifadəyə verildi. 70-80-ci illərdə Azərbaycanın sosial-mədəni həyatında qadınların rolu xeyli artdı. Bu sahədə işləyən qadınların ümumi sayında müəllimlər 47 %, həkimlər 60 %, tələbələr 43 %, elmi işçilər 37 % təşkil edirdi. Bu dövr yetişən ziyalılar içərisində Azərbaycan qadınlarının xüsusi çəkisi var idi. Azərbaycan elminin şöhrətini ucaldan və onu dünyaya tanıdan bu ziyalı qadınlara ittifaq miqyaslı fəxri adların verilməsi Heydər Əliyevin onlar qarşısındakı əvəzsiz xidmətlərindən biri idi: tarix elmlər doktoru, akademik Püstəxanım Əzizbəyova, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, «Şöhrət» ordenli Fəridə Məmmədova; tarix elmləri doktoru Nailə Vəlixanlı; tibb elmləri doktoru, professor Sayalı Tağıyeva; tibb elmləri doktoru, professor Umnisə Musabəyli; tibb elmləri doktoru, professor Qəmər Adıgözəlova-Polçayeva; tibb elmləri doktoru, professor əməkdar həkim Sona Axundova-Bağırbəyova; texnika elmləri doktoru, akademik İzzət Orucova; texnika elmləri doktoru, AMEA-nın müxbir üzvi Fəzilə Səmədova; biologiya elmləri doktoru, professor, akade­mik Siddiqə Məmmədova, AMEA-nın müxbir üzvi, biologiya elmləri doktoru Ninel Qarayeva; baytarlıq elmləri doktoru Nəcibə Əliyeva...

Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə Heydər Əliyev arasında mənəvi bağlılıq, uçulmaz bir körpü olmuşdur. Ona görə də mənsub olduğu xalq qarşısında onun ən böyük xidmətlərindən biri də Azərbaycan mədəniyyətinin, xüsusən də ədəbiyyat və incəsənətinin milli mədəni irsini yaşadıb təbliğ etdirmək və onun üzərində müasir mədəniyyətimizin inkişafına nail olmaq idi. Hegelə görə: «Hər bir mühüm hadisədə, inkişafda olan hər bir şeydə, hər bir işdə keçmişin qalıqları, gələcəyin rüşeymləri vardır». Heydər Əliyevin fəaliyyətində də məhz zamanın qırılmaz əlaqəsi: varislik, müasirlik, perspektivlər var idi və bu yanaşmada Azərbaycan qadınlarının özünəməxsus yeri olduğu danılmaz faktdır. Onun öz dili ilə desək: «Bizim şairlərə və sənət xadimlərinə ilham bəxş edən Azərbaycan qadınları bizim doğma dilimizi, ənənələrimizi, xalq yaradıcılığımızın ən gözəl abidələrini qorumuş, hifz etmişlər və bununla da bizim milli mədəniyyətimizin inkişafında misilsiz xidmətlər göstərmişlər. Həqiqətən də bütünlükdə milli mədəniyyət öz mahiyyəti etibari ilə zərif qadın qəlbini, qadın zəkasını və nadir qadın müdrikliyini əks etdirən bir güzgüdür...»[3]. Qadınlarımızın yaradıcılıq sferası, məşğuliyyət sahəsi daim onun diqqət mərkəzində olmuşdur. Məhz Heydər Əliyevin səyi nəticəsində «Azərbaycan qadını» jurnalı 1974-cü ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olundu. 1975-ci il BMT tərəfindən «Qadın ili» elan ediləndə Heydər Əliyev dünya qadınlarının haqq səsinə səs verərək bu sənədi rəsmən qəbul etdi. Ömrünü sənətə həsr etmiş böyük bir qrup qadına  dövlət mükafatların, fəxri adların, fərdi təqaüdlərin, və maddi yardımların verilməsi onun mədəniyyətimizə olan qayğısının saf təzahürüdür: Yaratdığı obrazlarda ən xırda incəlikləri açmaq bacarığı ilə yaddaşlarda qalan Azərbaycan SSR xalq artisti, Oktyabr inqilabı, Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı ordenləri ilə təltif edilmiş Prezident təqaüdçüsü Nəsibə Zeynalova; Azərbaycan SSR əməkdar artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Şəfiqə Məmmədova; Azərbaycan və SSRİ xalq artisti, 2 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı Mərziyə Davudova; Azərbaycan SSR xalq artisti, Dövlət mükafatı laureatı, «Şöhrət» ordenli Amaliya Pənahova; baletmeyster, Azərbaycan SSR xalq aritsti Xumar Zülfüqarova; Azərbaycan SSR xalq artisti, rəqqasə Afaq Məlikova, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Oktyabr inqilabı, 2 dəfə Qırmızı Əmək Bayrağı ordenli baletmeyster Qəmər Almaszadə; Azərbaycan SSR xalq artisti baletmeyster Rəfiqə Axundova; Azərbaycan SSR xalq artisti rəqqasə Əminə Dilbazi; Azərbaycan SSR xalq artisti pianoçu Tamilla Mahmudova; Şərəf Nişanı ordenli şair Nigar Rəfibəyli; Azərbaycanın xalq şairi, əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi Mirvarid Dilbazi; Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti, Media Mükafatı laureatı, bəstəkar Şəfiqə Axundova; Azərbaycan SSR əməkdar memarı, bir sıra binaların, metropoletinin «Bakı Soveti» stansiyasının, xatirə abidələrinin layihə müəllifi Şəfiqə Zeynalova...

Heydər Əliyev milli kaloriti ilə fərqlənən dövlət başçısı idi. Onun şəxsiyyətində həmişə qeyri-adi, gözlənilməz cəhətlər müşahidə edilirdi. Malik olduğu digər fitri qabiliyyətlərlə yanaşı musiqi duyumu da sonsuz idi. Onun qətiyyətli, cəlbedici səsi, diksiyası və natiqlik məharətinin professional səviyyədə yüksək olmasına baxmayaraq, özü gözəl səsin vurğunu, heyranı idi. Bəlkə də bu heyranlıq fəlsəfəsindən doğan zərurətin nəticəsi idi ki, o, hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan musiqisini, bu musiqinin inkişafında xidməti olan insanları yüksək qiymətləndirmişdir. O, qeyd edirdi :«Musiqi xalq arasında ən geniş yayılan incəsənt növlərindən biridir, buna görə də musiqinin insanların şüurunun yüksəlməsinə təsirini artırmaq, mənəvi, estetik tərbiyə problemlərinin həllinə onun təsirini gücləndirmək, musiqinin geniş kütlələrə, emosional təsirini qüvvətləndirmək sizin borcunuzdur»[4]. Bu gün səhnəmizin bir sıra xanəndələri onun tapşırığı ilə 1981-ci ildə bölgələrdə istedadlı uşaqların axtarışı zamanı aşkar edilmişdir: Könül Xasıyeva; Aygün Bayramova; Aybəniz Haşımova...

Füzulinin 500 illik yubileyi münasibəti ilə Türkiyədə olduğu zaman şahidlərin söylədiyinə görə Səkinə İsmayılovanın «Küçələrə su səpmişəm» mahnısının ifası onu hədsiz kövrəltmişdir. Azərbaycan SSR xalq artistiRübabə Muradovanın «Qara gilə»si, Fatma Mehrəliyevanın «Kəsmə şikəstə»si, Şövkət Ələkbərovanın «Dərələr»i, Sara Qədimovanın «Segah»ı, Tükəzban İsmayılovanın «Qatar»ı həmişə heyranlıqla dinlənilmişdir. Bu gün televiziya və radionun qızıl fondunda bir çox belə dəyərli səslərin lent yazıları qorunub saxlanılır. Qnun qayğısı sayəsində musiqi tariximizdə ustad xanəndələrimizin məlahətli tembrli səsləri ilə nadirlik, bənzərsizlik qüdrəti ilə ifa etdikləri mugamlar vətənin xidmətində dayanaraq milli ruhumuzu inkişaf etdirib yaşadacaqdır.

1969-1982-ci illərdə Heydər Əliyevin zəhməti nəticəsində Azərbaycanda güclü iqtisadiyyatın təməli qoyulmuşdur. Azərbaycan aqrar-sənaye ölkəsindən sənaye-aqrar ölkəsinə çevrilməyə başladı. Sənayenin orta illik artımı 7,9 faizə yüksəldi. 1969-cu ilədək əgər 735 böyük sənaye obyekti tikilmişdirsə, 1982-ci ildə bunların sayı 1048-ə çatdırıldı. Asfalt yollar çəkildi; hər üç Azərbaycan vətəndaşından biri yeni mənzilə köçdü; 28 yeni elektrik stansiyası fəaliyyətə başladı; əhalinin içməli suya olan tələbatı 346 milyard kubmetrdən 698 milyard kubmetrə çatdırıldı. Kənd təsərrüfatında ümumi məhsul 2,5 dəfə artmışdır. Orta illik məhsuldarlıq taxıl üzrə 1,9 dəfə; tərəvəz üzrə 1,4 dəfə; üzümçülük üzrə 2,3 dəfə artmışdır. Pambıq istehsalı 299 min tondan 1 milyon tona, üzüm istehsalı isə 272 min tondan 1 milyon 816 min tona çatdırılmışdır.

Statistik materialların müqayisəli təhlili göstərir ki, 70-80-ci illərdə respublikada ictimai istehsalın sürətlə tərəqqisində kənd təsərrüfatının intensiv və dinamik inkişafı mühüm rol oynamışdır. Kənd təsərrüfatının istehsalı strukturuna daxil olan başlıca sahələrin inkişaf etdirilməsi Azərbaycanın inkişafında kənd təsərrüfatının xüsusi çəkisini yüksəltmişdir (23 iyun 1970, 9 iyul 1975, 22 fevral 1979-da Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında qərarlar). Bu illərin iqtisadi tərəqqisi müasir tariximizi zənginləşdirən əmək salnamələrinin əsasını qoymuşdur. Ölkəmizin iqtisadi potensialını yüksəldən, öz əmək rəşadətləri ilə Azərbaycanı şöhrətləndirən zəhmətkeşlər ordusu yetişdi. Əmək adamlarına qayğı, zəhməti ilə Vətənin güclənməsinə, inkişafına xidmət göstərən insanların şan-şöhrətə çatması, ali dövlət və hökumət mükafatları ilə təltif edilməsi, onların xalqa tanıdılması və təbliği Heydər Əliyevin halal zəhməti və zəhmətkeş insanları uca tutmasının bariz nümunəsi oldu. «Sosialist Əməyi Qəhrəmanları»nın, «Qırmızı Əmək Bayrağı» ordenlərinin arxasında xalqın milli özünütəsdiqi dayanırdı və bu milli özünütəsdiqdə Heydər Əliyev zəhmətkeş Azərbaycan qadınlarının qiymətləndirmə qarantı olmuşdur: Pambıq ustası, 2 dəfə Lenin Ordenli, Azərbaycan SSR Ali Sovetinin (6-8-ci çağırış) deputatı, Sosialist Əməyi Qəhrəmanı Maral Quliyeva; 2 çağırış SSRİ Ali Sovetinin, I çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, 1960-1974-cü illərdə SSRİ Ali Sovetinin sədr müavini, 5 dəfə Lenin ordenli, Oktyabr və Qırmızı Əmək Bayrağı ordenli, 2 dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənova, 2 dəfə Lenin ordenli, Azərbaycan SSR Ali Sovetinin deputatı (8-9-cu çağırış), tərəvəz ustası Sosialist Əməyi Qəhrəmanı Solmaz Əliyeva; 2 dəfə Lenin or­denli; SSRİ Ali Sovetinin deputatı, Azərbaycan SSR Ali Sove­tinin (8-10-cu çağırış) deputatı, tütün ustası, Sosialist Əməyi Qəhrəmanı Nəfisət Novruzova; 2 dəfə Lenin ordenli, Qırmızı Əmək Bayrağı ordenli, Azərbaycan SSR Ali Sovetinin (8-10-cu çağırış) deputatı, tütün ustası Zalxay Həsənova. Azərbaycan səhiyyesi tarixində ilk Sosialist Əməyi Qəhrəmanları: Böyükxanım Əliyeva, Zəhra Qazıyeva, Şamama Ələsgərova.

Heydər Əliyev mütəmadi olaraq rayonlara səfərlər edir, əmək adamları ilə fərdi görüşür, onları yeni nailiyyətlərə ruhlandırırdı. Səfərlər zamanı insanların üzləşdiyi problemlərlə maraqlanır, onların həlli yollarını axtarıb tapırdı. Belə ki, sosial problemlərdən biri olan əhalinin sağlamlığının qorunması və təmin edilməsi, körpələrin sağlam doğulması həmişə onun diqqət mərkəzində olmuşdur. 1969-1982-ci illərdə respublikada ehaliyə tibbi xidmətin yaxşılaşdırılması məqsədi ilə səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görülmüş, səhiyyə haqqında Qanun qəbul edilmişdir. Sanitariya-epidemiologiya sağlamlığına təminat verilmiş, tibbi-sığortaya imkan yaradılmışdır. Xəstəxana çarpayılarının sayı 46,4 mindən 62,2 minə; qadın xəstəxanalarının, feldşer-mama məntəqələrinin, uşaq poliklinikalarının və ambulatorların sayı 293-dən 949-a çatdırılmış, sağlamlıq zonalarının təşkili yaxşılaşdırılmışdır. Azərbaycan keçmiş SSRİ-də II ən böyük kurort sağlamlıq zonasına çevrilmişdir. 23-24 oktyabr 1982-ci ildə ilk dəfə sahə həkimlərinin I qurultayı olmuş və bu qurultaydakı çıxışlar əsasında «Əhalinin sağlamlığının qorunmasına dair əlavə tədbirlər haqqında» qərar qəbul edilmişdir. Səhiyyənin inkişafı prosesi respublikada aparılmış ümumi işlərlə sıx əlaqə kontekstində nəzərdən keçirilmiş və bu proses Heydər Əliyev tərəfindən hazırlanmış inkişaf xəttinin başlıca tərkib hissəsi olmuşdur. Ginekologiya sahəsində tədbirlərin görülməsi dövlət səviyyəsində müzakirəyə çıxarılmışdır. Səhiyyənin təşkili və fəaliyyəti sahəsində, həmçinin tibbi kadrların yerləşdirilməsində olan nöqsanlar aradan qaldırılmışdır. Səhiyyə sahəsində Heydər Əliyevin qayğısı sayəsində müvəffəqiyyət qazananlardan biri də tibb elmləri doktoru, professor, SSRİ Tibb EA-nın müxbir üzvü, AMEA-nın həqiqi üzvü, Səhiyyə əlaçısı, Azərbaycan SSR-nin əməkdar elm xadimi, Azərbaycan Respublikası Uşaq Həkimləri Cəmiyyətinin prezidenti Adilə Namazovadır. O uzun illərdir ki, Tibb Universitetində uşaq xəstəlikləri kafedrasının müdiridir.

Məlumdur ki, millətə, Vətənə məhəbbət ailədən gəlir. Tarix sübut edir ki, şəxsi həyatda ciddi əxlaqı olan dövlət başçıları öz milləti və xalqı üçün tarixi işlər görməyi bacarıblar. Heydər Əliyev də məhz tarixdə özünəməxsus, təkrarsız yeri olan dövlət başçısı olduğu kimi, 50 milyonluq Azərbaycan xalqına da örnək olan ailə başçısı olmuşdur. Həyat yoldaşı akademik Zərifə xanım Əliyeva XX əsr Azərbaycanın ən görkəmli qadınlarından biri idi. Tanrı ondan heç nə əsirgəməmişdi. 1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində görkəmli dövlət xadimi, tibb elmləri doktoru, alim Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Ailəsinin o dövrün bir sıra dəyərli sənət adamları, ziyalıları (Ü.Hacıbəyov, M.Maqomayev, S.Vurğun, Bülbül və başqaları) ilə ailəvi əlaqəsi, atasının insanlara xoş münasibəti onun hələ gənc yaşlarından bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynamışdır. Qismətinə Heydər Əliyev kimi bir dahi ilə ailə qurmaq, fəth ediləcək zirvələri də onunla bərabər addımlayıb, bütün çətinliklərə mərdliklə sinə gərərək ona mənəvi dayaq olmaq, vətən üçün bir cüt layiqli övlad bəxş etmək yazılmışdı.

Dünya şöhrətli bir siyasətçinin həyat yoldaşı olmaq nə qədər çətin və məsuliyyətli idisə, bir o qədər də şərəfli idi. Zərifə Əliyeva bir qadın kimi bunların öhdəsindən məharətlə gəlirdi. Azərbaycan naminə ömrünü həyat yoldaşının ömrünə calayan bu insan xanımlığını ərinə və övladlarına xidmətdə görürdü. Qeyri-adi mənəvi enerjiyə malik olan bu xanım həm də gözəl ana, qayğıkeş valideyn, övladlarının yaxın dostu və bütün bunlarla bərabər mükəmməl elm adamı, görkəmli ictimai xadim idi.

Atası Əziz Əliyevin yolunu davam etdirən Zərifə Əliyeva bütün ömrünü oftalmologiyaya həsr etmişdir. 1947-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda oxumuş və 1949-cu ildən Elmi Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. O, ilk dəfə olaraq gözün peşə zədələnmələrinin öyrənilməsi və müalicəsi üzrə tədqiqat aparmış, iri sənaye müəssisələrində çalışan işçilərin görmə orqanına ayrı-ayrı zəhərli maddələrin mənfi təsirini aradan götürmək üçün bir sıra profilaktik tədbirlər işləyib hazırlamışdır.

Zərifə Əliyevanın bir alim kimi çox böyük elmi uğurları olmuşdur. 1959-cu ildə namizədlik, 1976-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edən Zərifə xanım tibb üzrə 147 elmi əsərin, 10 monoqrafiyanın, 1 kəşfin, 12 səmərələşdirici təklifin müəllifidir. Onun «Oftalmologiyanın aktual problemləri» adlı monoqrafiyasının  bir bölməsi tibbi etika və əxlaq, geontologiya əsasında həkimlərin tərbiyəsinə həsr edilmişdir.

Öz sənətini mükəmməl bilmək hər adama nəsib olmur. Sənətinin əsl sahibi olduqda onun adı, şöhrəti öz ölkəsindən kənarda, xaricdə də məşhurlaşır, sorağı çox-çox uzaqlardan gəlir. Bu məşhurluq mənəvi kübarlıqla birləşdikdə insanın sənətkarlıq məharəti hərtərəfli olur və əsl ziyalıya çevrilir. Zərifə Əliyeva peşələrin ən məsuliyyətlisini seçmişdir və məhz sənətinin sa­hibi olan kübar ziyalı idi. İnsanın bədən üzvləri içərisində gözdən incə, gözdən həssas, gözdən zərif ikinci bir üzv yoxdur. Ona görə də bu üzvlə məşğul olan adam gözün özü qədər həssas, zərif, incə olmalıdır. Bütün varlığı ilə bu keyfiyyətlərə tam hakim olan Zərifə Əliyevanın seçdiyi peşənin məqsədi yer üzünün əşrəfi olan insanı müalicə etmək və elm öyrətməkdən ibarət idi. N.Tusi demişdir: «Hər sənətin şərəfi onun məqsədində, hər varlığın islahı onun zatındakı şərəfindədir. Hər şeyin kamilliyi ona aid olan xüsusiyyət və fəaliyyətin tam təzahür etməsindədir. Necə təzahür edirsə, sahibinin də kamilliyi...elə o dərəcədədir». Bu baxımdan, Zərifə xanımın malik olduğu keyfiyyətlər, elm sahəsində qazandığı nailiyyətlər, pedaqoji sahədə də məharətlə təzahür edirdi. O, həmçinin gözəl pedaqoji ustalığa malik lektor idi. 1977-ci ildə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında professor, 1982-ci ildə isə həmin kafedranın müdiri, 1983-cü ildə isə elmdəki uğurlarına görə akademik adına layiq görülmüşdür.

1977-ci ildə professor Zərifə Əliyevanın təşəbbüsü ilə Bakıda Ümumittifaq Oftalmologiya Elmi Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Bir sıra orijinal işlərinə görə (kimya istehsalatında gözün zədələnməsinin öyrənilməsi) SSRİ -də ilk qadın olaraq SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür.

Akademik Zərifə Əliyevanın ictimai fəaliyyət sferası çoxsahəli idi. O, Ümumittifaq «Bilik» Cəmiyyəti idarə Heyətinin üzvü; Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü; «Vestnik oftalmoloji» jurnalının redaksiya şurasının üzvü; SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü və Azərbaycan Sülhü müdafiə Komitəsinin sədr müavini idi.

Bütün bunlar Zərifə Əliyeva adında aysberqin görünən tərəfi idi. Əks tərəfdə isə görünməyən cəhət dururdu: Onun insanlara hədsiz sadə münasibəti, Moskvada yaşadığı illərdə tanıdığı gənclərə anaqayğısı göstərməsi, adi işçidən yüksək səlahiyyətli insanlara qədər hamı ilə ümumi dil tapa bilməsi, başqasının kədərini də, sevincini də özününkü tək qəbul etməsi və ən başlıcası isə kimsəsizlərə, əlillərə həmişə öz yardım əlinin uzatması... Təəssüf ki, vaxtsız ölüm əməkdar elm xadimi, akademik Zərifə Əliyevaya Ata və Oğul Əliyevlərin müstəqil Azərbaycan bayrağını and içərək öpməsini görməyə imkan vermədi.

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmini qiymətləndirmişdi. Yüzlərlə qadınlarımız onun yaratdığı əlverişli şərait nəticəsində fərdi bacarıqlarını nümayiş etdirmiş, müxtəlif idarəetmə orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. Bu dövrdə formalaşan lider qadınların sırasına millət vəkillərini, raykom katiblərini, ali məktəb rektorlarını və b. aid etmək olar.

Seyid Əzim yadigarı, ədəbiyyat xəzinəmizdə «Aləmdə səsim var mənim», «Vətənə qayıt», «Yad et məni» trilogiyası ilə əbədiləşən xalq yazıçısı Əzizə Cəfərzadə 1983-1991-ci illərdə Mərkəzi Komitə yanında Qadınlar Şurasının sədri, «Vətən» Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, «Xatirə» irs komissiyasına sədrlik etmişdir. O, «Xalqlar Dostluğu» və «Şöhrət ordeni», bir sıra fəxri fərman və medallarla təltif olunmuşdur. Filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə Azərbaycanı qarış-qarış gəzərək saysız tədqiqat işləri aparmış, 120 elmi məqalənin, monoqrafiyanın, dərsliyin müəllifi olmuşdur. O, həmçinin öz vəsaiti hesabına Şamaxıda məktəb tikdirmişdir. Heydər Əliyevin Fərmanı ilə 2001-ci ildə 80 illik yubileyi münasibəti ilə ona Azərbaycanın «Xalq yazıçısı» fəxri adı verilmişdir.

Liderlərə məxsus insanlara təsiretmə qabiliyyəti, özünəməxsus xarakteri, zəngin daxili aləmi və mənəvi keyfiyyətləri, cəmiyyətə obyektiv baxışları ilə seçilən Məsumə Məlikova Heydər Əliyev məktəbinin ən layiqli yetirmələrindəndir. 1958-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində «M.F. Axundovun ictimai-siyasi baxışları» mövzusunda namizədlik dissertasiyası, 1973-cü ildə isə «XIX əsrin II yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, hüquq elmləri doktoru alimlik dərəcəsi almış yeganə azərbaycanlı qadındır. O, 1974-cü ildə professor elmi adına layiq görülmüş, 1989-cu ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 180-ə qədər monoqrafiya, dərslik, kitabça, elmi məqalənin müəllifidir. Bir sıra keçmiş SSRİ və xarici ölkələrdə keçirilən konfranslarda, simpoziumlarda hüquq elminə dair məruzələrlə çıxış etmişdir. Rəhbərliyi altında 20 namizədlik, 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. Hazırda bir sıra aspirant və dissertantlarına elmi rəhbəri olan Məsumə xanım elmi tədqiqat işlərində hər hansı fikir və mülahizələrin konkretliyinə diqqət yetirilməsinin, elmi yazılarda, fikir ardıcıllığını və təcrübədə özünü doğrultmuş zəruri metodlardan istifadə edilməsini əsas amil hesab edir. Onun öz təbirincə desək: «Elmi-tədqiqat əsərində ifadə edilmiş hər bir fikir və ya mülahizə hamı üçün anlaşıqlı olmalı, onun əlavə izahına, nəyinsə təkrar surətdə aydınlaşdırılmasına ehtiyac qalmamalıdır».

Məsumə Məlikova nəcib insandır. İnsanları tanımaq kimi fitri qabiliyyətə malikdir. Həm özünə, həm də ətrafdakılara qarşı çox tələbkar və diqqətlidir. Ən kiçik nöqsanı görmək və eyni zamanda ən incə daxili mədəniyyəti duymaq qabiliyyətinə malikdir. Odur ki, 40 ilə yaxın müddətdə (1968-ci ildən) başçılıq etdiyi «Dövlət və hüquq nəzəriyyəsi və tarixi» kafedrası özünəməxsus mütərəqqi ənənələri ilə seçilir. Kafedranın əksər işçiləri gənclərdir. Tabeliyində olan insanlara elmin nurlu yolunu göstərməklə bərabər, hər bir kəsə fərdi yanaşmaqla onların yaranmış bu və ya digər problemlərinin həllində lazımi məsləhətlər verir, öz kömək əlini əsirgəmir.

Liderlik qabiliyyəti bir həddir və məhz bu hədd şəxsiyyətin səmərəlilik səviyyəsini, potensial imkanlarını müəyyən edir. Məsumə Məlikovada liderlərə xas olan bu xüsusiyyət yüksəkdir. Ona görə onun fəaliyyəti uzun müddət BDU-dən kənar işlərdə də təzahür edir. Belə ki, o, Azərbacyan Respublikası Qanunvericilyinin işlənib hazırlanmasında fəal iştirak etmiş, 1978 və 1995-ci illərdə Azərbaycan Konstitusiyasının hazırlanması üzrə Konstitusiya Komissiyasının üzvü olmuşdur. O, həmçinin Azərbaycanın suverenliyi haqqında 1989-cu il Konstitusiya Aktının müəlliflərindən biridir.

Professor Məsumə Məlikova elm adamı olmaqla bərabər böyük ictimai xadimdir. O, Sov. İKP XXVIII qurultayının nümayəndəsi olmuş və Sov. İKPMK-nın üzvü seçilmişdir. Sov. İKP MK-nın və Qarabağ Problemləri üzrə Dövlət Komissiyası­nın üzvü kimi Ermənistanın təcavüzkar siyasətini pisləmiş, Azərbaycanın suveren hüquqlarının və ərazi bütövlüyünün təmin olunmasını tələb etmişdir. Vaxtilə ittifaq dövründə Sovet Siyasi Elmlər Assosiasiyası İcraiyyə Komitəsinin, SSRİ Təhsil Nazirliyi yanında hüquq elmləri üzrə tədris-metodiki şürasının üzvü, Azərbaycan SSR Təhsil Nazirliyinin elmi-metodiki şurasının elmi katibi olmaqla bərabər respublika AAK-nın yarandığı gündən onun iqtisadi, fəlsəfə və hüquq elmləri üzrə Ekspert Şurasının 1998-ci ilədək sədri vəzifəsində çalışmışdır. Professor Məsumə Məlikova hazırda «Bakı Universitetinin Xəbərləri» jurnalının sosial siyasi elmlər seriyası üzrə redaktoru, AMEA-nın ictimai elmlər üzrə «Xəbərlər» jurnalının redaksiya heyətinin, «Hüquqi dövlət və qanun» jurnalının, Moskvada nəşr olunan «İstoriya qosudartsva i prava» Federal Rus Jurnalının redak­siya şurasının üzvüdür. O, həmçinin AMEA-nın nəzdində hüquq problemləri əlaqələndirmə şurasının sədri, Respublika Ali Məhkəməsinin elmi məsləhət şurasının, qadınlar Şurasının, Azərbaycan Qadınlarının Milli Konfederasıyasının fəxri üzvüdür. Respublikada ilk dəfə olaraq 1991-ci ildə dərc edilmiş «Hüquq ensiklopedik lüğəti»nin baş redaktoru olmaqla bərabər bu lüğətdə dərc olunmuş 80-dən artıq məqalənin müəllifi olan Məsumə Məlikova həm də bir sıra dərslik və monoqrafiyaların müəllifi və elmi redaktorudur.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Məsumə Məlikovanın əməyi yüksək qiymətləndirilmişdir. 1969-cu ildə ona «Azərbaycan SSR əməkdar hüquqşünası» fəxri adı verilmiş, «Şərəf nişanı» və «Şöhrət» ordeni, «Əmək veteranı» medalı və bir sıra fəxri fərmanlarla, o cümlədən, 1994, 1999-cu illərdə Azərbaycan Təhsil Nazirliyinin, 1999, 2004-cü illərdə AMEA-nın, 1999-cu ildə AR Daxili İşlər Nazirliyinin Fəxri fərmanları ilə təltif edilmişdir.

Məsumə xanım gözləmə mövqeyindən uzaq, zəiflik və ətalət çərçivəsinə yad olan kamil bir insandır və zirvəyə doğru daima irəliləməkdədir. Müasir dövlət və hüquq nəzəriyyəsinin, Azərbaycan qanunvericilik problemlərini istiqamətləndirən bir məktəbin əsasını qoyan Məsumə Məlikova ölkəmizin hüquq elminin leytmotivini müəyyən edir.

Zəkalı qadınlarımızdan biri də kimyaçı alim Rəfiqə Əlirza qızı Əliyevadır. AMEA-nın Qeyri-üzvü və Fiziki kimya İnstitutunda elmi işçi işləmiş, 1970-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Rəfiqə Əliyeva BDU-nun «Analitik kimya» kafedrasının professorudur. Bir monoqrafiyanın, 200-dən çox elmi əsərin, dərslik, dərs vəsaiti, metodik vəsaitlərin və 17 patentin müəllifidir. Rəfiqə Əliyevanın rəhbərliyi altında 1 elmlər doktoru, 10 elmlər namizədi yetişmişdir. Rəfiqə Əliyeva Dünya Azərbaycanlıları Qadınlar Birliyinin Fəxri Sədridir. O, ABŞ, Türkiyə, Rusiya, Avstraliya, Yaponiya, və digər ölkələrdə keçirilən Beynəlxalq simpoziumlarda iştirak etmişdir. 2000-ci ildə «Əməkdar Elm Xadimi» adına və akademik Y. Məmmədəliyev adına mükafata layiq görülmüşdür. Rəfiqə xanım həmçinin 2000-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən, «2001-ci ilin adamı» və 2001-ci ilin «İşgüzar Qadını», 2002-ci ildə isə Nyu-York Milli Elmlər Akademiyasına üzv seçilmişdir. 2003-2004-cü ildə tədrisdə göstərdiyi yüksək peşəkarlığa, elmi uğurlara və gənc nəslin hərtərəfli biliyə malik vətənpərvər ruhda yetişməsində xidmətlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdır. 2005-ci ildə «Ekologiya» və «Ümumi ekologiya» adlı dərs vəsaitləri Heydər Əliyev adına mükafata, özü isə BDU-nun təsis etdiyi «İlin alimi» fəxri adına layiq görülmüşdür.

Pedaqoji elmləri doktoru, professor Nübar Muxtarova 15 ilə yaxındır ki, BDU-nun pedaqogika kafedrasının müdiridir. Nübar Muxtarova 2 monoqrafiyanın, 2 dərsliyin, 100-ə yaxın məqalə və tezisin, həmçinin «Heydər Əliyev-Milli «Mən»in oriyenteri» kitabının (azərb, rus, ingilis dilində; rəngli) müəllifidir. 1999-cu ildən işıq üzü görən «Pedaqoji aləm» elmi-populyar jurnalının (azərb., rus, ingilis dilində; rəngli) təsisçisi və baş redaktoru olmaqda bərabər Nübar Muxtarova 2004-cü ilin yanvar ayından bu jurnalda «Heydər Əliyev epoxası» adlı rubrika açmışdır. Nübar Muxtarovanın ictimai fəaliyyət sahəsi geniş və əhatəlidir. O, Azərbaycan qadınlarının I, II qurultayının və müxtəlif yerli və beynəlxalq konfransların iştirakçısı olmuşdur.

Elmira Qafarova 1980-cı ildə Azərbaycanın Maarif naziri, 1983-cü ildə Xarici işlər naziri, 1989-cu ildən Ali Sovetin Rəyasət Heyətinin sədri, 1990-1992-ci illərdə Ali Sovetin sədri işləmişdir.

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Zemfira Verdiyeva 25 il fasiləsiz olaraq Azərbaycan Dövlət Xa­rici Dillər İnstitutunun rektoru işləmişdir. 1991-ci ildən Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədridir. AQRC qadın hüquqlarının qorunmasında fəallıq göstərərək dünyanın 63 ölkəsi ilə əlaqə saxlayır. Xarici ölkələrdə keçirilən bütün konfrans və seminarlarda (Zemfira Verdiyeva 7 xarici dildə sərbəst danışır) iştirak edərək Azərbaycanın haqq səsini dünyaya çatdırır. Məhz bunun nəticəsidir ki, 1995-ci ildə Fransada keçirilən dünya qadınlarının konfransında Beynəlxalq Demokratik Federasiyanın tərkibinə daxil olan AQRC nümayəndələri Pekin konfransında da fəal iştirak etmişlər və bu gün də öz işlərini Pekində qəbul olunan qərarlar əsasında davam etdirirlər. 1998-ci ilin avqustunda İngiltərənin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən «Əsrin qadını» və sentyabr ayında isə «İlin qadını» adına layiq görülmüşdür. l998-ci ilin oktyabrında isə alim xanımımızın adı Beynəlxalq Bioqrafiya Lüğətinə daxil edilmişdir. Zemfira Verdiyeva 1990-1995-ci illərdə Milli Məclisin deputatı olmuşdur.

Lidiya Rəsulova Azərbaycan KP MK-nın elm və tədris müəssisələri şöbəsinin müdir müavini, Nəsimi RK-nın birinci katibi, 1981-1988-ci illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1988-1993-cü illərdə Sosial Təminat naziri, Dövlət Elm və Texnika Komitəsinin sədr müavini, 1993-1997-ci illərdə Təhsil Naziri olmuşdur.

Svetlana Qasımova neçə illərdir ki, məsuliyyətli bir vəzifədə çalışır. O, Mərkəzi Seçki Komissiyası sədrinin müavinidir. Bakı şəhər İcraiyyə Komitəsinin sədr müavini, Ticarət naziri, Azərbaycan KP MK katibi, Dövlət Əmlak Komitəsi sədrinin birinci müavini və sədri vəzifəsində çalışması lider kimi formalaşmasında böyük rol oynamışdır.

Tarix elmləri doktoru Dilarə Seyidzadə 1997-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının humanitar siyası şöbəsində baş məsləhətçi, 1997-1998-ci illərdə Azərbaycan Respublikası Prezident Katibliyinin rəis müavini, daha sonra isə rəisi işləmiş, Prezidentin köməkçisi olmuşdur. Yüksək intellektual səviyyəyə malik bu xanım tutduğu vəzifənin öhdəsindən bacarıqla gəlmişdir.

Südabə Həsənova 2000-2005-ci illər Ali Məhkəmənin sədri vəzifəsində çalışmışdır. O, 1979-1980-cı illərdə Bakı Şəhər Məhkəməsi Rəyasət Heyətinin üzvü, 1980-1987-ci illərdə Azərbaycan SSR KP MK inzibati orqanlar şöbəsində təlimatçı, 1987-1995-ci illərdə Ədliyyə nazirinin birinci müavini, 1998-2000-ci illərdə Ədliyyə naziri işləmişdir.

Memarlıq doktoru, professor, şərq ölkələri memarlıq Akademiyasının müxbir üzvü, beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü Gülçöhrə Məmmədova Memarlıq və İnşaat Universitetinin rektorudur. Gülçöhrə Məmmədova, həmçinin II çağırış Milli Məclisin deputatı, Milli Məclisin Elm və Təhsil Məsələləri üzrə Daimi Komissiyasının üzvü olmuşdur.

Sevda Məmmədəliyeva müxtəlif vaxtlarda Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərmiş, baş müəllim, dosent, pro­fessor, kafedra müdiri vəzifəsində çalışmışdır. Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının əcnəbi üzvü, NOOSFERA Beynəlxalq Akademiyasının həqiqi üzvü olan Sevda xanım sosial fəlsəfə və kulturologiya sahəsində 5 monoqrafiyanın, yüzdən çox elmi əsərin müəllifidir. 1999-cu ildən Respublika Mədəniyyət nazirinin müavini vəzifəsində işləyir.

Asiya Manafova Müsəlman Ölkələri Qadın Parlament Üzvləri Təşkilatının «Qlobal» Beynəlxalq Ekoloji Təşkilatın, Yeni Azərbaycan Partiyası və Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. I və II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur və bu müddətdə Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə daimi komissiyasının sədri vəzifəsində işləmişdir.

Kimya elmləri doktoru, professor Sevinc Hacıyeva gənc olmasına baxmayaraq, yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. 2001-ci ildən «Ekoloji kimya və ətraf mühitin mühafizəsi» elmi tedqiqat laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışan Sevinc xanım hal-hazırda «Ekoloji kimya» kafedrasının müdiridir. Sevinc Hacıyeva 80 elmi əsərin, 8 ixtiranın və 7 kitabın müəllifidir. Onun əsərləri yerli və xarici mətbuatlarda dərc olunmuşdur. 2003-cü ildə o, Y.Məmmədəliyev adına mükafatla təltif edilmişdir. Sevinc xanım Beynəlxalq Qadın Klubunun üzvü kimi xeyriyyəçilik işlərində fəal iştirak edir.

Rəfiqə Mustafayeva nəinki Azərbaycanda, həmçinin Qafqazda ilk qadın, pedaqoji elmlər doktoru, professordur. O, 1984-cü ildən Mərkəzi Müəllimlər Təkmilləşdirmə İnstitutunun «Pedaqogika» kafedrasının müdiri; Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, əməkdar müəllimdir. 100-dən çox elmi məqalənin, monoqrafiyanın, 14 kitab və dərsliyin müəllifi olan bu xanım həm ictimai həyatda da geniş fəaliyyət göstərir.

Texnika elmləri namizədi Məleykə Abbaszadə 2000-ci ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədridir.

Fizika-riyaziyyat elmləri doktoru, Fatma Abdullazadə çox məsul vəzifədə - Azərbaycan Respublikası Prezidenti İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri vəzifəsində çalışır. O, əvvəllər AMEA-nın Partiya Komitəsinin katibi, Azərbaycan KP MK elm və tədris müəssisəsiləri şöbəsində müdir müavini işləmişdir. Fatma Abdullazadə 1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuşdur.

Göründüyü kimi, bütün sahələr üçün liderlər hazırlanmasına böyük önəm verən Heydər Əliyev Azərbaycanda qadın hərəkatının genişləndirilməsinə, qadınların irəli gəlməsinə qayğı və diqqətlə yanaşmışdır.



[1] Tarix və onun problemləri. Bakı Universiteti nəşriyyatı. 2004. -s.208.

[2] Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Bakı. Azərnəşr. 1997. 5-ci kitab.-s.16.

[3] «Bakinskiy raboçiy» qəzeti. 15 sentyabr 1998.

[4] Üzəyir Hacıbəyov ensiklopediyası. Bakı. S.76.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb